Bakı Ali Neft Məktəbində
“Neft Azərbaycanın sərvətidir” sərgi-müsabiqəsinə
yekun vurulmuşdur
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının sərgi salonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş “Neft Azərbaycanın sərvətidir” sərgi-müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir.
Sərgi-müsabiqə gənclər arasında ulu öndər Heydər Əliyevin irəli sürdüyü və Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi neft strategiyasının, incəsənətimizin və mədəniyyətimizin təbliğ edilməsi, tələbələrdə yüksək bədii zövqün formalaşdırılması məqsədilə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası (ADRA) və Bakı Ali Neft Məktəbi (BANM) tərəfindən sonuncunun sponsorluğu ilə təşkil olunmuşdur.
Sərgi-müsabiqəyə aprel-may aylarında ADRA-nın qrafika, dizayn, rəngkarlıq, heykəltəraşlıq, sənətşünaslıq, keramika, xalçaçılıq, memarlıq, sənətşünaslıq, qobelen və reklam ixtisasları üzrə bakalavriat və magistratura səviyyələrində təhsil alan 85 tələbəsinin 100 sənət əsəri təqdim olunmuşdur. BANM-in və ADRA-nın rəhbər işçilərindən ibarət münsiflər heyəti bu əsərləri məzmun, üslub və bədii nöqteyi-nəzərdən qiymətləndirərək sərgi-müsabiqənin qaliblərini müəyyən etmişdir.
Tələbələrdən Nigar Ağamirova 1-ci, Bəxtiyar Yusifov 2-ci, Şəhla Abbasova 3-cü, Nərmin Süleymanova, Ülviyyə Rzayeva, Tural Bayramov, İmran Mehdiyev və Nurlan Məmmədovun isə həvəsləndirici mükafatlara layiq görülmüşlər.
BANM-in rektoru Elmar Qasımov, ARDNŞ-nin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov, ARDNŞ-nin iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov və ADRA-nın rektoru, akademik Ömər Eldarov qalibləri təbrik etmişlər.
Mükafatlandırılan gənclər yaradıcılıqlarına verilən yüksək qiymətə görə təşkilatçılara minnətdarlıqlarını bildirmişlər.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2013.- 14 iyun.- S. 3.